Brad Pitt-in Doğum Günü
Dec 18, 2025
Zibili də tullayıb yolu keçdim, girdim “Araz”-a. İçərini hər şeyi görməklə bərabər heç nəyi də xatırlamayacaq halda dolandıqdan sonra suyla qaza pul vurub çıxdım.
Adsız bir ildir ki artıq orada işləmir, Nurtəni isə oktyabrın birindən bəri heç görməmişəm. O da getmişdi. Yeni kassirlərin heç biri cavan ruhunu saxlaya bilməmişdirlər. Əfsus ki, onlar da digər milyonlarla insan kimi ay sonunu çəkən, maddi yoxluğun altına əzilən və bunu xaricə izhar edənlərdən. Gülüşləri saxtadır davranışlarını nəzakət çərçivəsində icra etsələr də. Daha təcrübəlidirlər və bir sürü başqa böyüklərə aid şeyləri özlərində daşıyırlar. Heç biri pişik deyil sadəcə. Uşaqlıqlarını gedib, bitib, ölüb.
Mənim də canım sıxılır buna. Bəzən marketdəykən anidən sıxıntı çəkdiyim olur. O saat ana dizi axtaran övladlar kimi spiritual ünsiyyət qurduğum kassirlərimi axtarıram. Reallığın necə olduğunu unudaraq başımı kassalara tərəf çevirəndə “ehh” deyirəm, üzülürəm, çənəm sinəmə dəyir, başım daşa.
Hər nə isə. “Araz”-dan çıxıb Xırdalanın içərilərinə doğru gəzməyə başladım. Üzərimdə uzun bığlarım, təzə eynəyim və qara ayaqqabılarım var. Dizim və belim ağrısa da, gəzməyimi məhv edə bilməmişlər hələ. Mənim kimi birinin içinə gəzmək istənci düşüncə də istəyir gəzməyi o. Gəzdikcə gəzməyi.
Hal beləykən yavaş-yavaş irəliləyirəm. “Araz”-dan biraz sonra bir çayxana var. Əslində, kafedir. Kimiləri üçünsə restoran. Önündə 523 dayanır. Nömrəsi qeyd olunan avtobusun başlama yeridir bura. Sürücülər kafeni bəzən restoran, bəzən çayxana kimi ifadə edər.
Elə irəliləyirdim və irəliləyirdim ki, avtobusun sayı bir olan qapısından bircə addım aralıdaykən içəridən yerə mandarin qabıqları səpələndi. İçimdəki boşluğun səbəbi olan ani əsəblə qapıya qalmış bir addımı da atıb içəri baxdım. Bizdən yaşca böyük görünsə də, cavan olduğu bilinən bir qaqaş ayaq üstə dayanaraq qapıdan çıxan kimi soldakı ilk oturacaq cütündə oturmuş yaşlı xanımlara sarı nisbətən əyilərək qulaq verirdi. Xanımların da dünya-cahan görmüşlüyü sima qırışıqlarındadır. Amma di gəl ki, o böyüklükdə avtobusun içərisində olan üç nəfərin heç biri bir saniyə əvvəl qapıdan çölə atılmış mandarin qabıqlarından xəbərdar deyildi. Bu qədərmi vecsizlik olar məgər? Bu qədərmi fahişədir insan?
Bəlkə də.
Xanımların və qaqaşın sanki Allahın varlığını müzakirə edən düşüncə adamları kimi bir-birinin sözlərinə diqqətlə qulaq verməsini görməyim heç nə deyə bilməməyimə gətirib çıxardı. Bu, zatən bir şok idi. Bu şok bu qədər vecsiz bir insanın tərəfimdən görülmədiyindən dolayı yaranmışdı. Və o qədər böyük idi ki, əsəbim/hiddətim ən xırda zaman dilimində puç edilmişdi.
Ha onları söyməyə çalışacam içərimdən, amma şok icazə verməz. Verməzkən də özümü toparlamağa cəhd edə biləcəyimi bilirəm. Edərəm də bunu normalda. Amma önümdən 20-25 metr aralıda yeriyən üç nəfər kişidən birinin atılıb-düşüb, burulub-fırlanıb gah yola çıxaraq, gah səkidəykən etdiyi davranışları görüncə duruxdum. Gözlərimə göründüyünü düşündüm öncə. Diqqətlə diqqətimi toparladım və təkrar fokusumu ona verib baxdım. Yox, yanılmırdım. Dəri pencəkdə bir insan içkinin təsirində insan yorurudu, təhlükə yaradırdı. Biraz daha davam etdim getməyə geri dönməyi də bir tərəfdən düşünərək. Fəqət geri dönüşümə mane olan evdən gəzmək istəyi ilə çıxmam, getməyimə təşviq edənsə (məncə, absurd) Xırdalan xaotikasına düçar olmaq istəməmdir. “Cəhənnəm” dedim, biraz daha getdim məsafəni qoruyaraq.
Dəri pencəklinin yanındakı digər iki insanın onu sakitləşdirməməyinə təəccüblənməyimə gərək belə ola bilməzdi. Harada olduğumu çox yaxşı bilirdim çünki. Elə bu biliş və onlara baxaraq asta-asta gedincə ilk böyük xəbərdarlıq pencəklinin yol nişanının dirəyinə hoppanıb-qaçarkən zərblə sillə vurması oldu. Geriyə qayıtmağı bu anda düşünməli olduğumu sezdim. Biraz irəlidəki təkər təmiri obyektinin önünə yığılmış qalaq-qalaq təkərləri uçurub dağıtması, sonra onları təzədən əvvəl olduğu cürə yığması isə artıq düşünməyə gərək olmadan geri döndürdü məni.
Heç də yol boyu eləcə asta-asta gedəməyəcəyimi bilirdim. Və onların yanından keçərkən nələrin yaşanacağını düşünmək istəmirdim. Məcəra, experience yaşamaq da bir yerə qədər olmalıdır. Geriyə qayıtdım.
Evə sarı getməyi, təbii ki, əsla düşünmədim. Biraz Xırdalan kruqundan digər yana keçməyi düşündüm. Bəlkə, bacımgilə də gedə bilərdim. Amma onları da istəmirdim. Yavaş-yavaş gedərkən yanımda 135-in saxlaması, saatın 7-yə 2 dəqiqə işləməsi, çox anlıq olaraq o yağışlı günü xatırlatdı, amma irəlilədim. Həmişə dərman aldığım aptekin önündən keçərkən şüşəyə işıqların yolka ağacı formasında yapışdırıldığını gördüm. İşıqların məftili/simi/gövdəsi qara idi. O mall-larda olan şəffaf cürədən deyildi. Və elə yalandan, iyrənccə görünürdü ki. Zatən yalançı bir qar dənəsi rəsmi belə yox idi aynada. İndiki dövrdə var olan bu işə təəccüblənmiş və duruma lağ etmişdim.
Həəə. Beləcə, hara getdiyimi heç bilmədən, nə düşündüyümü heç anlamadan ayağım hara aparsa məni, başım da o yolun yolçusu idi. Normalda olanın əksində gəzmə əsnamda əylənmirdim, problemləri görə bilmirdim, onları analiz edə bilmirdim və onlara həll tapa bilmirdim bu dəfə. Eləcə gedirdim. Əlbət bir şeylər düşünmüşəm, amma hamısı da heç nə düşünməmək kimi idi. Deyərkən o və ya bu cürə Xırdalan kruquna çatdım. Orada bütün avtobusların dayanacağı var. Mənim üçün o yer fərqlidir. Digər yerlərdən oranı mənim üçün fərqləndirən şey atmosferdir. Bu atmosfer elədir ki, ora qorxuncluqlarla doludur. Orada qaqalar çoxdur. Birinə yan baxsan, səni söhbətə çağıra bilərlər. Biraz daha gözüqaraları səni bıçaqlaya bilər. Orada saqqalı biraz uzun, ayağında mokasin olan, gözlərində heç də insanlıq olmayan və həmişə əlləri çöldə gəzən cavan oğlan nəfərləri var. Heç bir valideyn övladlarının eləsi cürə olmağını istəməz. Heç bir ağlı başında bəy də elə olmağı istəməz. Fəqət bununla bərabər orada normal deyə sifətləndirəcəyimiz insanlar var. Xeyli hərbi geyimdə olanlar var, məsələn (gömrük, vergi, polis və s. kimi digər dövlət qulluğunda olan adamlar yəni. Əskər düşünmə tək). Xeyli yaşı böyük kişilər (bəzi kişilərin siması o cavanlardan daha betər təhlükəli görünür) və xanımlar var. Qısa geyinən, dar geyinən, sinəsi açıq geyinən qadınlar/qızlar var. Anlamıram buna görə də. O dayanacaqda bir-birindən zidd dünyanın insanları toplanır. Nümayəndlərinin birisinin digərinə fiziki və ruhi cinayət törədə biləcəyi qədər zidd dünyanın insanları. Bilmirəm, o dayanacaqda anlamadığım nə isə var. Ona görə başqa heç bir yerə bənzədə bilmirəm. Və yuxarıda yazdığım insanları görə-görə yavaşca addımlarımın sürətini azaltdım, keçib bir nöqtədə sanki avtobus gözləyirmiş kimi dayandım, insanlara baxmağa başladım. İçində minlərlə nəfər olan avtobuslarmı deyərsən, qaqalarımı deyərsən, yoxsa qızları və doğru-düzgün görünən bəylərimi? Mən heç birini deyəməm. Biri xaric. Axx, o bir! Cavan bir qaqa. Mokasini ayağında, ucuz olduğu hər halından bilinən nazik siqaret dənəsi əlində. Bəzən telefonunu çıxarıb baxır sanki önəmli nə isə varmış kimi orada. Tələskən hərəkət edir, avtobus sürücüləri ilə danışır.
Dünyada ən çox maraq etdiyim şeylərdən biri o tipli qaqaşların avtobus sürücüləri ilə nə danışdığıdır. Heç vaxt eşidəcək qədər yaxından şahid olmamışam. Və maraq etməyimin səbəbi söhbətin əsəbi halda, əl-qolla başlaması, davamında ağ dişlərin göstərilməsinə çevrilməsidir. Bir insan necə belə bir söhbətin içində, başdan sonra 10-15 saniyə boyunca ola bilər axı? Heç anlamıram. Hələ o köhnə avtobus sürücüləri necə bu qaqaşla danışacaq halda biriləri olurlar? Çox qəribədir. Heç anlamıram. Heç.
Nə isə. Qozbel bu qaqaşa baxarkən, davranışlarını izlərkən arxadan bir yerlərdən başqa iki qaqanın da danışdıqlarını eşitməyə cəhd edirəm, amma alınmır. Bıçaqlanmamaq üçün üzümü çevirməm, yaxud yaxınlaşmam. Və hər şey də olduğu bir nöqtədən sonra bütün gördüklərim məni reallıqdan qoparır, olmadığım xəyallara dalıram. Dalıram, dalıram, dalıram. Bir nöqtədən sonra telefonu çıxarıb saata baxıarm. 7-yə 23 dəqiqə işləyib. 135-ə minməyin çətin olduğu vaxtlarda gedib 199-a minməyim gözümün qarşısına gəlir. Heç nə düşünmədən, heç nəyi götür-qoy etmədən bir neçə dəqiqə daha dayanır, sonra doğruca 199 dayanacağına tərəf gedirəm.
O yolu keçməyin əziyyəti həmişə məni əyləndirmişdir. Əylənə əylənə keçirəm. Dayanacağın yolunda bir avtobus ilişib qalıb. Yolu bağlamayıb, amma insanların qışqırışından bir problem olduğunu anlayıram. Qışqırışlar da elə bərkdir ki. Adamın qanı titrəyir damarlarında. Mən yazıq da əmiləri əsəb etməmək üçün çalışaraq qorxa-qorxa getmək istəyirəm. Amma içimdəki it icazə verməz axı. Avtobus elə yerdə ilişib qalıb ki, onun sağ tərəfində maşınlar saxlayır. Və saxlanılmış maşınlardan biri də çıxmalıdır. A düşün və B. A avtobusun baş/sürücü tərəfidir. B isə sonu. Avtobus biraz daha arxaya gedə bilsə, bütün problem həll olacaq. Amma hər nədənsə arxaya gedə bilmir. A tərəfi maşınların saxlandığı yerin demək olar qurtaracağındadır. Və tərslikdən qurtaracaqdakı maşın çıxmalıdır. A nöqtəsi ilə çıxmalı gərəkən maşın arasında məsafə də xeyli azdır. Səninlə mən qarşı-qarşıya gəlsək, hökmən birimiz yana burulub addımlamalı olardı; azdır yəni. Mən də bunu görürəm. İçimdəki itlik də. Qışqırışları eşidə-eşidə o darlığa tərəf gedirəm. Orada da bir adam var. Bizim Əlini boyca da, gövdəcə də 150 dəfə qatlayıb göt cibinə soxar. Haha. Ən son nöqtədə heç vaxt qorxmadığımdan artıq duyduğum şey, başıma nəyin gəlməsindən asılı olmadan əyləncə hiss etməkdir. Addımlayır və addımlayıram. O dar keçiddə iri-yarı bəyin tam sifətinə baxaraq keçirəm. Uzaqdan biri adını çığırıb nə isə deyir; “Cavanşir, …”. Nə dediyini eşitmirəm. Amma adamın adını öyrənirəm. Bir neçə dəfə siqaret verdiyim, 199-un dayanacağında özün otağımsı düzəldən adam.
Axırıncı dəfə onu keçən il bu ərəfələrdə görmüşdüm, yəqin. İndi təkrar görmək mənə o vaxtlardan çox onun otağını xatırlatdı. Orada olan bir-iki hadisəni. Hadisələri yazmayacam, amma otağının müdhiş olduğunu deməliyəm. Gümüşünün soyulduğu ayna belə vardı. Əvvəllər qəşəng skamya düzəltmişdi o default oturacaqdan. Bu gün gözümə ofis stulundan kürsi sataşdı, skamyanı görəmədən (bəlkə də, çox ani baxdığıma görə). Meyvəsi filan var. Saç çörəyi satır və s. bəzən. Dərsə gedəndə bir göz at o tərəfə. Saqqallı, başı papaqlı dayıdır. Cavanşir. Adı ilə çağırsan baxar.
Ehh, beləcə ora gəlib çatdım. Dayandım dayanacaqda. İndi avtobuslara və onların içində gələnlərə baxıram. Bəzi avtobuslarda yanında rəfiqəsi olan cavan qızlar başqa hamının simasından zəhrimar yağır, bəzi avtobuslarda yaşlı nəsil də çöldə olan gülməli şeylərə gülə bilir (örnəyin bunlardan birinə səbəb mənəm). Bir moment önümdəki qaqaş çıxarıb qəpiklərini saymağa başladı. Ha istədim ki, yanındakı qaqaşa “10 qəpiyim çatmır” desin. Demədi. Desəydi, cibimdəki 10 qəpiyi verəcəkdim. Bir həftədir hara edəcəyimi bilmirəm çünki onu.
Zaman axdı. Gözlərimi nəyə zillədiyim anda bir də gördüm ki, camaat avtobusa tərəf qaçır. 3-5 saniyə sonra 199 olduğunu duyuq düşdüm. Ağlardan idi. Və ona minmək istəmirdim. Amma sonra bu düşüncəm “universitetə getmək istəyirsən?” ilə əvəzləndi. Cavabı bilmirdim. Heç bilmirdim. Avtobus getmək istər kimi oldu. Yalandan qaçmağı düşündüm. Çatsaydım minəcək və gedəcəkdim. Çatdım. Şansıma/şanssızlığıma çatdım və mindim. Artıq yoldaydım.
Belimin probleminin sol ayağıma vurması yarım saata yaxındır məni ayaq üstə çox dayanmaqdan, eyni yerdə çox oturmaqdan peşmanlıqla ayırsa da, hətta 199-u gəlişinədək 20 dəqiqəyə qədər gözləsəm də, bu səfər avbobusda oturmağa yerin olmaması, hətta giriş qapısındakı pilləkəndə ayaq üstə dayanmam məni xoşhal etmişdi. Bir ildir ki, o yolu getmirdim. Bir ildir ki, dəyişən şeylər illərə sığmazmış kimi hiss etdirirdi. Səhvlərlə düzlər bir ildə çobanın qoyunları sayı mislincə dəyişmiş. Ah, of, eyk və sairə. Eləcə ayaqüstə yola baxa-baxa getdim. Belimin və ayağımın ağrısını hiss etmirəm desəm, yanlış demiş olardım. O qədər qəşəng idi ki, bel və ayağım heç yox idi yəni. Beləcə irəliləməcə.
Masazır kruqunu da keçdik. Orada çox adamlar düşdü, heç kimsə də minmədi. Mən hələ ətrafa baxmaq üçün öz pilləkənimdə dayanmışam. Sürücü sürməsi gərəkəni sürür, mən də bəzən ona, amma daha çox ətrafa baxıram. Zamanının izi içində bir dayanacaqda saxladıq. Yeni düşənlər oldu, amma heç kim minmədi təkrar. Mən gözümü dayanacaq tərəfə çevirib minmək istəyənlərə yol vermək üçün addım atmağa hazır dayanmışam. Bu anda bir xanım gəldi. Qara geyimli, başında mavi örtük. Heç üzümə baxmadan, heç reaksiya verəcəyimi gözləmədən əlini uzatdı. Mən də hər nədənsə əlimi uzatdım ona. Qəpiklərimi əlimə buraxdı və arxaya tərəf getdi. Hələ də bilmirəm ki, o xanım arxa qapıdan mindi yoxsa yox. Amma müdhiş təəccüblənmişdim. Az qala asqıracaqdım. Sürücüyə baxdım, mənə baxdı o. Kartımda pul varsa vurmamı söylədi, əlavə də etdi ki, “təhlükəsi bizdən uzaq olsun”. O təəccüblə vurdum. Təkrar sürücüyə baxdım. “Təşəkkürlər, çox sağ olun” dedi. Təəccübümü artıq atmalı olduğumu düşünüb, durumun mənasızlığını içimdə əridərək yola baxmağa davam etdim. 10-15 saniyə sonra özüm də bilmədən əlim cibimə gedib verilmiş qəpikləri içinə tökdü.
Nə başını ağrıdım, yolda bir-iki dəyişikliyi görə-görə gəlib çatdım universitetə. Yol boyunca olan hər şeydən ötrü az-çox darıxdığımı anladım. Ciddi bir darıxma deyildi, amma yaşaması maraqlı idi. Nəhayətində bura burnumun ucunun göynədiyinə görə yox, anlıq izhara görə gəlmişdim.
Avtobus saxladı, xanımlara yol verdim, düşdüm. 7 olmuşdu saat. İstəyirdim ki, daha tez gəlim. Çünki insanların universitetə getmələrini görmək istəyirdim. Amma çox gecikmişdim. İnsanlar da bir müddət gecikdikdən sonra, artıq bu halı o qədər də önəmsəmirlər. Saat 7 elə bir saat idi.
Siqaretim olmadığından köşkə yönəldim. Xanımın verdiyi pulla birgə artıq 70 qəpiyim vardı. Üzərimdəki tək nağd pul. Pəncərədən gözucu baxarkən içəridəki kimsənin qaqa olmasını gözləyirdim. Və bu qaqalarla elə bu köşkdə biraz yorğunçuluq yaşadığımdan çox da istəyərək yaxınlaşmırdım ora. Ehh.
Qaqa deyildi. Normal, hətta nikbin insan idi. “Mentollu Winston var?” deyə soruşdum. Bəy tərs kimi ticarətin təməllərini də bilirdi; “indicə qurtardı e” dedi. Gözümə normal olan Winston sataşdı. Qiymətini soruşdum, 40 qəpik olduğunu dedi. Pulu verib, siqareti elə köşkdə yandırıb “sağ olun” dedim. “Təşəkkürlər, sağ ol” dedi. Heç vaxt gözləməyəcəyim cavabı verdi mənə…
Parkinqin girişindəki zibil qabının içi yanırdı, ətrafa da pis plastik qoxusu yayılırdı. Qoxu mənə gəlməsin deyə biraz uzaqda dayanıb universitetin həyətinə baxmağa başladım. Bəzən çıxanlar, tələsik şəkildə girən müəllimələr olurdu. Amma mənə ciddi, hiddətli bir şey kimi gəlmirdi bu. Qapıdan çöldə dayanmış halda içəriyə sarı baxanda rektorluqdan, təzə tikilidən çox arxa fondakı binaların işıqları gözümü alırdı. Baxdığım şeydə adət etmədiklərimi görürdüm. İlk görüşdə bunu anlamamışdım da, düzü. Fərqi yaradanın o binaların işığı olduğunu dərk etməmişdim.
Universitetin girişində, çıxış yolunda bir lövhə vardı və üzərinə nələrsə yapışdırılmışdı. Oxumağa heç çalışmadım da. 6 il əvvəl universitetin önündə çəkdirdiyim şəkili xatırladım o anda. 11-ci sinifi təzə bitirmiş birinin həyəcanı və enerjisi ilə dolu şəkili. Genetikam gərəyi ilə o vaxtlar bütün sinif yoldaşlarımdan böyük idim. Hamısı ilə də ünsiyyətdə idim. İndi onlar neçəsə qatımdırlar və kimə çevrildikləri barədə əsla bir fikrim, datam yox. Keçmişin üzərindən nə qədərdə çox sular axırmış. Və insan bu keçmişi gördüyü anda yox, indisini anlarkən başa düşə bilirmiş.
Siqaretim bitdi. Onu içi yanan zibil qabına atdım. Biraz daha dayandım və parkovşikin sözlərini eşitdim. Telefonda danışarkən “işdəyəm” deyirdi. Mənim (və bir çoxunun) əksinə o bunu iş kimi görə bilirdi. Görürdü. O bu idi, bu iş…
Kötüyü tulladıqdan sonra köşkün parallelinə sarı irəlilədim. Artıq getməli olduğumu sezirdim. Amma istəmirdim. Nə isə axtarırdım. 6 ilimi keçirdiyim binada bir şey axtarırdım. O isə heç gəlməmişdi. Təkrar geri döndüm. Rektorluğa tərəf bir daha baxdım. Üzərində universitetin ağ işıqları olan bir yazı vardı. Bunun ardınca kənar küncdə görünən binalara baxdım. Universitet çox dəyişmişdi. O keçmiş atmosferdən zərrə də əlaqə görünmürdü gözlərimə. Yaxşı hiss etdirməmişdi mənə bunu. Çuxurun dərinini qazmaq istəyirdim. Daha dərin şeyləri, anları görmək. Və o an mayda universitetə gələrkən yazdığım bir yazı gəldi. Bufetdə yazmış olduğum. Heç cürə nə yazdığımı xatırlamadım, Notion-umun dağınıq olmasından dolayı heç də cəhd etmədim tapmağa. Amma o yazıdan yadımda qalan tək şey atmosfer idi. İllər sonra hekayələrimin bir hissəsini tutacaq olan universitetin necə məkənsal olaraq məni ab-havaya saldığı barədə şeylər…
Daha onlar yox idi. Demə insanlar kimi binalar da dəyişirmiş.
Bunları düşünə-düşünə avtobus dayanacağına tərəf addımladım. Nə bizim uşaqlar vardı, nə əyləncəli dayılar. Heç o məlum şlanq da yoxuydu. Bir şeyləri görmək üçün ətrafa baxdım, ancaq sarı bir lampadan başqa heç nə yox idi.
135-ə mindim, orta qapıdan sonrakı sol tərəfdə olan oturacağın ayna tərəfində oturdum. Yol boyu yanıma minənlər oldu və sairə. Fəqət daha bir dəyəri yox idi. Hətta minərkən 199-da həmişə Şərifgillə oturduğumuz yerə göz atmışdım. Yaxşı ki, orada oturan birisi vardı.
Yol bir ağırlıqlar, bir əyləncələr, bir absurdlüklər hiss etmiş, yaşamışdım. Yazmaq istəyirdim onları.
Sənə.
Ara-sıra bunları düşünərkən dükanların şüşələrindəkilər marağımı cəlb edirdi. 135 yolu boyu yeni-yeni çox dükanlar açılmışdı. Yeni yerlər, bəlkə də, yeni insanlar vardı. Köhnə şeylərdən bəziləri dağıdılmışdı. Bir ana övladına sillə də vurdu, hələ, gözlərimin önündə. Amma ən çox məni özünə çəkən şey aynalardakı yeni il yazıları, şaxtababaları, qarqızları, qar dənələri idi. Hər biri aid olduğu dükana müqayisədə möhtəşəm uyğun görünürdü. Hətta bir dükan yazıları çöldən oxunulması üçün yox, içəridən oxunulacaq şəkildə çəkdirmişdi aynalarına. O an ağlıma aptekim gəldi. İstəmsizcə müqayisə etdim gördüklərimlə apteki. Zaman keçdikcə anladığım şey aptekin aynasındakının yalandan, hamının belə etdiyi üçün yapışdırıldığını anladım. Və o an gözlərim böyüdü. Çünki başqalarının etdiyi şeyi etməyə məcbur hiss etsən də, bundan diksinməyi göstərmək başqadır. Toplum məhv olurdu. Heç anlamadan.
Gözlərimi yumdum xəfifcə. Bilmədim qızına sillə vuran anayamı görə, yoxsa bilmədim bu zamanda var olduğumamı görə; xəfif bir yaş sağ gözümdən süzüldü.
Evə biraz da piyada getmək üçün Tamstore tərəfdə düşdüm. Tərəfi aşıb adı çəkilən (super)marketə daxil oldum.
Ağartı məhsulları olan bölməyə çatınca orada normalda “Araz”-da olan qramajdan daha aşağı kütləli saçaq pendirləri gördüm. Almalımı idim ya yox, bilmirəm. Amma alacağammış kimi dururdu. Piştaxtalar arasında keçid edincə pivənin də qiymətinin uculuğu məni valeh etdi. Gedib bir səbət aldım, piştaxtaların önündə lazımlı məhsulları səbətə daxil etdim.
Kassada xanım kimsə vardı. Mənim məhsullarımın barkodunu vurub paketə qoyan ərəfədə arxadakı kassanın kassiri qaqaş mənim sol tərəfimdən xanımı çağıraraq ismini andığı siqareti verməsini istədi. Qız, “hər dəfə məndən istəmə” dedi. Səsi o qədər də qırıcı deyildi, amma qurduğu cümlənin bir əsəbiliyi vardı.
Kassir qaqaş bunu eşidəcək soluma, oradan da qızın arxasında olduğu kassanın arxasına keçdi. Mən gözlərimi zilləyib ona baxırdım ki, nə hiss etdiyini anlamağa çalışım. Lakin heç cürə dişə-damağa dəyən bir şey sezmək olmurdu. Bəlkə də, qaqaş qırılıb “bir də bu qancıqdan heç nə istəməyəcəm” deyirdi içdən-içə. Amma bundan əmin olmaq mümkün deyildi.
Bəlkə də, onun simasının tamamən görən xanım “müştəri olanda istəmə. Çaşıram axı” sözlərindən buna görə istifadə etmişdi.
Hər nə isə. Olan şey olmuşdu. Qaqaş siqareti alıb uzaqlaşdı xanımın yanından, mən də paketi götürüb.